“Əgər hücum baş versə, nə olacağını bilmirik” – Eçmiədzin kilsəsindən açıqlama – ÖZƏL
22 İyul 2025 15:26 DünyaOlaylar.az xəbər verir ki, iyulun 22-də Eçmiədzin Ana Taxt Kilsəsinin həyətində jurnalistlərə açıqlama verən informasiya xidməti rəhbəri, keşiş Yesayi Artenyan Ermənistanın baş naziri Nikol Paşinyanın "Eçmiədzinin mərkəzi meydanından gəlib, Patriarx iqamətgahını azad edəcəyik" bəyanatına münasibət bildirib.
Keşiş qeyd edib ki, kilsənin həyatına və avtonomiyasına bu cür istənilən müdaxilə qınanmalı və nəticəsiz cəhd kimi qiymətləndirilməlidir:
"Düzü, onların nə planlaşdırdığını və prosesi necə təsəvvür etdiklərini bilmirəm. Amma bu cür hərəkətlər bəhrəsiz və qəbuledilməzdir" - deyə Artenyan vurğulayıb.
O əlavə edib ki, Paşinyanın və onun tərəfdarlarının son çıxışları tək-tük deyil və bu çağırışlar zorakılığa və dözümsüzlüyə xidmət edir:
"Bütün bunlar göstərir ki, məqsəd heç də islahat deyil, cəmiyyət daxilində təxribat, qarşıdurma və parçalanma yaratmaqdır. Biz isə xalqımıza səslənir və dua edirik ki, bu cür təxribatlara uymasınlar və birliyimizi qoruyaq".
Hücumun gerçəkləşəcəyi halda kilsənin nə edəcəyi barədə sualı cavablandıran Artenyan deyib:
"Biz hər gün ölkəmizdə sülh və ruhlarımızın xilası üçün dua edirik. Əgər belə bir hal baş versə, doğrusunu desəm, nə olacağını və prosesin necə inkişaf edəcəyini bilmirəm. Gözləyək, görək..."