Polşa XİN vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib - ÖZƏL

Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyanın ərazisini tərk etməyi tövsiyə edib. Olaylar.az xəbər verir ki,  nazirliyin rəsmi saytında dərc olunan açıqlamada bildirilir:
"Əgər Rusiyada qalmağınız həyat şəraitiniz, ailə və ya işlə bağlı zərurətdən doğmursa, biz Polşa vətəndaşlarına bu ölkəni tərk etməyi tövsiyə edirik."
Həmçinin, XİN ikiqat vətəndaşlığı olan, yəni həm Polşa, həm də Rusiya pasportuna sahib olan şəxsləri xəbərdar edib ki, onlar Rusiya tərəfindən yalnız Rusiya vətəndaşı kimi tanınırlar və buna uyğun qanunlarla qarşılaşa bilərlər.
Qeyd edək ki, hələ 18 iyul tarixində Polşa XİN ölkə vətəndaşlarına Rusiyaya səfər etməməyi məsləhət görmüşdü. Buna səbəb kimi Polşanın Rusiya tərəfindən "qeyri-dost ölkələr" siyahısına daxil edilməsi və konsulluq əməkdaşlarının sayının azaldılması göstərilmişdi.
Xatırladaq ki, iki ölkə arasında diplomatik gərginlik artmaqdadır. Rusiya Xarici İşlər Nazirliyi Polşanın Krakov şəhərindəki Rusiya Baş Konsulluğunun fəaliyyətinə son qoymasından sonra, cavab olaraq Kalininqrad şəhərindəki Polşa konsulluğunu bağlamışdı. 2024-cü ilin sonunda isə Polşa XİN rəhbəri Radoslav Sikorski Poznan şəhərindəki Rusiya Baş Konsulluğunu bağlamaq qərarına gəlmiş, Moskva buna cavab olaraq Sankt-Peterburqdakı Polşa konsulluğunu bağlamışdı.
Hazırda Rusiyada Polşanın Moskvadakı səfirliyi və İrkutsk şəhərində baş konsulluğu fəaliyyət göstərir. Polşada isə Rusiya səfirliyi və onun konsulluq şöbəsi, həmçinin Qdansk şəhərindəki baş konsulluq fəaliyyətdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31