Dayanıqlı İnkişaf Məqsədlərinin 18 faizi həyata keçirilmir - BMT-nin Baş katibi
14:29 DünyaBaş verə biləcək növbəti pandemiyaya hazırlıq, okeanların mühafizəsi və inkişafın maliyyələşdirilməsi ilə bağlı yeni qlobal razılaşmalara istinad edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, baş verən son qlobal hadisələr çoxtərəfliliyin hələ də mümkün olduğunu göstərir.
Olaylar.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında nazirlərə müraciət edən Baş katib müharibə, bərabərsizlik və maliyyə gərginliyi şəraitində geridə qalan Dayanıqlı İnkişaf Məqsədlərini (SDG) xilas etmək üçün təcili tədbirlər görməyə çağırıb.
O qeyd edib: "Transformasiya təkcə zəruri deyil, həm də mümkündür". O, son aylarda qəbul edilmiş mühüm öhdəlikləri vurğulayaraq bildirib ki, Cenevrədəki Ümumdünya Səhiyyə Assambleyasında Pandemiya Sazişi, Nitsada keçirilən üçüncü BMT Okean Konfransında dənizdə qorunan ərazilərinin genişləndirilməsi vədləri və Sevilyada baş tutan dördüncü Beynəlxalq İnkişaf Konfransında qlobal maliyyə üçün yeni plan razılaşdırılıb. "Bunlar təcrid olunmuş nailiyyətlər deyil, son qlobal hadisələr fonunda çoxtərəfliliyin təmin edə biləcəyi planlardır", -deyə Quterreş vurğulayıb.
Baş katib xəbərdarlıq edib ki, dünya 2030-cu il hədəflərinə çatmaq yolundan çox uzaqdadır. O əlavə edib: "SDG hədəflərinin yalnız 35 faizi həyata keçirilir və ya orta dərəcədə reallaşır. Demək olar ki, onların yarısı çox yavaş yerinə yetirilir, 18 faizində isə geriləmə var". Quterreş hökumətləri bu istiqamətdə təcili və ambisiya ilə hərəkət etməyə çağırıb: "Dayanıqlı İnkişaf Məqsədləri xəyal deyil, onlar ən həssas insanlara, bir-birimizə və gələcək nəsillərə verdiyimiz vədləri yerinə yetirmək planıdır".
Quterreş 2015-ci ildən bəri əldə olunan nailiyyətləri, o cümlədən sosial müdafiənin genişləndirilməsi, uşaq nikahlarının azalması və qadınların təmsilçiliyinin artmasına istinad edərək bildirib ki, dünya liderlərinin resursları səfərbər edəcəyi və siyasi iradə nümayiş etdirəcəyi təqdirdə həmin məqsədlər əlçatan olaraq qalacaq.
Baş katib, həmçinin Qəzza, Sudan, Myanma, Ukrayna və başqa yerlərdə davam edən zorakılıqları qeyd edərək, bu kontekstdə inkişaf və sülhün əlaqəli olduğunu vurğulayıb. O deyib: "Biz hər addımda bilirik ki, möhkəm sülh davamlı inkişaf tələb edir. BMT münaqişə tərəflərini dərhal atəşkəs elan etməyə və ixtilafların diplomatik yolla həllinə dair yeni öhdəliklər götürməyə çağırır".