Böyük Britaniyada qeyri-qanuni miqrasiyanın təşkilatçılarına qarşı sanksiyalar qüvvəyə mindi - ÖZƏL
13:40 DünyaBöyük Britaniyada qeyri-qanuni miqrasiyanın təşkilatçılarına qarşı dünyanın ilk sanksiya rejimi qüvvəyə minib. Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Xarici işlər naziri Deyvid Lemmi bildirib ki, uzun müddət ərzində cinayətkar qruplaşmalar müdafiəsiz insanların hissləri ilə oynayaraq, qeyri-qanuni miqrasiya yolu ilə öz ciblərini doldurublar:
"Məhz bu səbəbdən Birləşmiş Krallıq insan alveri və qeyri-qanuni miqrasiyanın təşkilində iştirak edən qruplar və onların yardımçılarına qarşı ilk sanksiya mexanizmini hazırlayıb", - deyə nazir vurğulayıb.
Yeni sanksiya rejimi çərçivəsində Britaniya hökuməti "qara siyahıya" salınan şəxslərin bank hesablarını dondurmaq və onların ölkəyə girişinə qadağa qoymaq hüququna malik olacaq. Qadağalar əsasən saxta sənədlərin hazırlanması, qeyri-qanuni miqrasiya marşrutlarının maliyyələşdirilməsi və La-Manş boğazında istifadə edilən kiçik qayıqların təchizatı ilə məşğul olan şəxslərə yönələcək.
Xatırladaq ki, yeni sanksiya rejimi barədə ilk dəfə olaraq Deyvid Lemmi bu ilin yanvar ayında məlumat vermişdi.
Qeyd edək ki, Böyük Britaniyada qeyri-qanuni miqrasiya problemi, xüsusilə də Avropa İttifaqından çıxışdan (Brexit) sonra daha da kəskinləşib. Halbuki bu məsələ Brexit kampaniyasının əsas arqumentlərindən biri olmuşdu. 2018-ci ildən bəri La-Manş boğazı vasitəsilə krallığa 150 mindən çox qeyri-qanuni miqrant daxil olub.
2024-cü ilin iyulunda keçirilən parlament seçkilərindən sonra hakimiyyətə gələn Leyborist Partiyası, Aİ ölkələri ilə əməkdaşlığın gücləndiriləcəyini və qeyri-qanuni miqrant axınının qarşısının alınacağını vəd edib.