Ermənistanda keçmiş baş nazir müavini və ailəsi Prokurorluğa çağırılıb - ÖZƏL
22 İyul 2025 13:19 DünyaMilli Məclisdə "Ermənistan" fraksiyasının deputatı, keçmiş baş nazir müavini Armen Gevorkyan və onun ailə üzvləri 2025-ci il iyulun 24-də Ermənistan Baş Prokurorluğunun Qanunsuz Əldə Edilmiş Əmlakın Müsadirəsi İdarəsinə dəvət olunublar. Olaylar.az xəbər verir ki, bu barədə "Hetq" nəşri məlumat yayıb.
Prokurorluğun idarəsinə çağırılan şəxslər arasında deputatın həyat yoldaşı Tamara Gevorkyan (Axverdyan), 19 və 21 yaşlı oğulları, azyaşlı qızı, eləcə də valideynləri Andranik və Janna Gevorkyan da var.
Hazırda prokurorluq hansı əmlakın və ya pul vəsaitlərinin müsadirə ediləcəyini açıqlamır. Qurumun bildirdiyinə görə, maraqlı şəxslər araşdırma materialları ilə tanış olduqdan sonra öz mövqelərini və sübutlarını təqdim edə bilərlər. Bu da ehtimal olunan qanunsuz əmlak siyahısında dəyişikliklərə səbəb ola bilər.
Xatırladaq ki, hələ 2021-ci ilin may ayında Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayaraq, Armen Gevorkyanın qanunsuz yolla ümumilikdə 4 milyard 921 milyon 302 min dram əldə etdiyini və həmin vəsaitləri leqallaşdırdığını bildirmişdi. Məlumata görə, həm Ermənistanda, həm də Çexiyada Gevorkyanla əlaqəli şəxslər bir sıra şirkətlər yaradaraq onların adına daşınmaz əmlak qeydiyyatdan keçiriblər. Həmçinin bu şəxslər bank əməliyyatları vasitəsilə iri həcmdə pul dövriyyəsi həyata keçiriblər. Lakin həmin əmlakların bazar dəyəri və pul dövriyyəsinin həcmi onların rəsmi gəlirləri ilə ciddi şəkildə uzlaşmayıb.