Rusiyada uşaqlı ailələrə kredit tətili təklif olunur – ÖZƏL
12:50 DünyaRusiyada uşaqlı ailələr üçün istehlak kreditləri üzrə "kredit tətili"nin tətbiqini nəzərdə tutan qanun layihəsi hökumət komissiyası tərəfindən təsdiqlənib.
Olaylar.az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri iki mənbəyə istinadla məlumat yayıb. Layihənin məqsədi doğum səviyyəsinin artırılması, defolt risklərinin azaldılması və bank sektorunda maliyyə sabitliyinin qorunmasıdır.
Yeni mexanizm iki kateqoriya üzrə ailələri əhatə edəcək:
Birinci kateqoriya: Ailədə ilk uşaq doğulan və ya övladlığa götürülən ailələr. Əgər ailənin illik gəliri 20%-dən çox azalıbsa və kredit ödənişləri orta aylıq gəlirin 40%-dən çoxunu təşkil edirsə, belə ailələrə 6 ay müddətinə kredit tətili verilə bilər.
İkinci kateqoriya: Ailədə ikinci və ya sonrakı uşağın doğulması və ya övladlığa götürülməsi halında, valideynlər 180 gün ərzində banka müraciət edərək 18 aya qədər, yaxud uşağın 1,5 yaşına çatmasına qədər tətil hüququ əldə edə biləcəklər. İlk 6 ay ərzində kredit faizləri endirilmiş dərəcə ilə hesablanacaq, daha sonra isə tam həcmdə tətbiq olunacaq.
Qeyd edək ki, kredit tətili mexanizmi Rusiyada ilk dəfə 2020-ci ildə tətbiq edilib. Bu sistem borcalana 6 ayadək müddətdə ödənişləri dayandırmaq imkanı verir, bu müddətdə heç bir cərimə tətbiq olunmur və bank girov və ya zamin tələb edə bilmir. Tətil hər bir kredit üzrə ən çox iki dəfə mümkündür. Məhdudiyyətlər də mövcuddur: avtokreditlər üçün 1,6 milyon rubl, kredit kartları üçün 150 min rubl, digər istehlak kreditləri üçün isə 450 min rubl həddində.