ABŞ Kinqin qətli ilə bağlı 240 min sənədi yayımladı - ÖZƏL

ABŞ Ədliyyə Nazirliyi Martin Lüter Kinqin qətli ilə bağlı 240 min səhifədən çox sənədi ictimaiyyətə təqdim edib. Olaylar.az xəbər verir ki,  sənədlərin dərc olunması mərhum hüquq müdafiəçisinin ailə üzvlərinin etirazına baxmayaraq baş tutub. Kinqin hazırda həyatda olan iki övladı - 67 yaşlı Martin Lüter Kinq III və 62 yaşlı Bernis Kinq bildiriblər ki, atalarının qətli artıq onillərlə ictimai maraq doğurur. Onlar həmçinin məsələnin şəxsi xarakter daşıdığını qeyd edərək sənədlərə tam tarixi kontekstdə yanaşmağa çağırıblar.
Yayımlanan materiallar arasında istintaqın gedişi, ehtimal olunan versiyalar, FTB-yə aid xidməti qeydlər və Martin Lüter Kinqi qətlə yetirmiş Ceyms Erl Reyin keçmiş kamera yoldaşının ifadələri də yer alıb. Həmin şəxs Reyin qətllə bağlı ehtimal olunan sui-qəsd planını müzakirə etdiyini bildirib. Bununla belə, FTB-nin Kinqə qarşı apardığı izləmə ilə bağlı sənədlər hələ də məxfi saxlanılır. ABŞ Milli Kəşfiyyat rəhbəri Talsi Qabbardın sözlərinə görə, bir çox sənəd ilk dəfə rəqəmsallaşdırılıb.
Sənədlərin Martin Lüter Kinqin həyatı, vətəndaş hüquqları uğrunda mübarizəsi və qətli barədə yeni faktlar təqdim edib-etmədiyi hələlik dəqiq bilinmir. Kinqin bioqrafı, tarixçi Devid Garrou isə yayımlanan sənədlərdə əsaslı yeniliklərin olmadığını bildirib. Onun sözlərinə görə, sənədlər arasında FTB-nin Kinqi dinləməsinə dair qeydlər yoxdur və həmin materiallar ən azı 2027-ci ilə qədər məxfi qalacaq.
Xatırladaq ki, Martin Lüter Kinq 1968-ci il aprelin 4-də Tennessi ştatının Memfis şəhərində keçirilən əmək aksiyası zamanı, həbsxanadan qaçmış Ceyms Erl Rey tərəfindən qətlə yetirilmişdi. Bundan öncə, ABŞ  prezidenti Donald Trampın administrasiyası prezident Con Kennedi və onun qardaşı Robert Kennedinin qətlləri ilə bağlı sənədləri də ictimailəşdirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31