HƏMAS: “İsraillə razılaşmanı məsuliyyətlə və sürətlə imzalamağa çalışırıq” - ÖZƏL
12:43 DünyaFələstin HƏMAS hərəkatı İsraillə atəşkəsin təmin olunması və Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi məqsədilə razılaşmaların məsuliyyətli və operativ şəkildə əldə olunmasına çalışdığını bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə radikal hərəkatın siyasi bürosunun sözçüsü Tahir ən-Nunu məlumat verib.
"Biz [HƏMAS rəhbərliyi] İsraillə razılaşmaya məsuliyyətlə yanaşırıq", - deyə onun sözlərini Fələstinin "Maan" agentliyi sitat gətirib. Ən-Nununun sözlərinə görə, hərəkat "Fələstin xalqına qarşı təcavüzünə son qoyacaq razılaşmaların tezliklə əldə olunmasına səy göstərir".
"Maan" agentliyi bazar ertəsi məlumat yayıb ki, əldə etdiyi məlumata əsasən, HƏMAS ilə İsrail arasında atəşkəs və bir qrup girovun azad olunması barədə razılaşma yaxın günlərdə imzalanacaq. Agentlik mənbələrə istinadən qeyd edib ki, "saziş bu həftə, ən uzağı gələn həftənin əvvəlində imzalanacaq və bu barədə rəsmi elan veriləcək". Məlumatda vurğulanır ki, razılaşma əldə olunarsa, bu barədə "bazar günü və ya hətta cümə günü elan oluna bilər".
Qətərdə aparılan dolayı danışıqlarda təqdim edilən son təşəbbüsə əsasən, 60 günlük razılaşdırılmış atəşkəs dövründə HƏMAS 10 canlı girovu və Qəzzada həlak olmuş 18 məhbusun cəsədini İsrail tərəfinə təhvil verəcək. Qarşılığında İsrail həmin müddətdə uzunmüddətli həbs cəzası çəkən 150 fələstinlini və 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra Qəzzada həbs edilmiş 1100-dən çox ərəb məhbusu azad edəcək. Bundan əlavə, mümkün razılaşmalar çərçivəsində Qəzza sakinlərinə çatdırılan humanitar yardımın həcmi də əhəmiyyətli dərəcədə artırılacaq.
Xatırladaq ki, HƏMAS və İsrail arasında atəşkəsin əldə olunması və girovların azad edilməsi məqsədilə 6 iyuldan etibarən Qətərin paytaxtı Dohada Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə danışıqlar bərpa olunub.