Fransa Rusiyaya qarşı daha sərt sanksiyalar paketi hazırlayır - ÖZƏL

Fransa Xarici İşlər Nazirliyi Rusiyaya qarşı Avropa İttifaqının növbəti sanksiyalar paketi üçün yeni məhdudlaşdırıcı tədbirlər təklifləri üzərində işə başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosuna müsahibəsində məlumat verib.
"Keçən cümə axşamı biz Avropa İttifaqı ilə birlikdə Rusiyanı atəşkəsə məcbur etmək üçün genişmiqyaslı sanksiyalar paketi qəbul etdik. Biz daha da irəli gedəcəyik, çünki komandama yeni, daha sərt sanksiyalar paketinin hazırlanması tapşırılıb", - deyə Barro bildirib.
Nazir qeyd edib ki, söhbət yalnız Fransanın deyil, bütövlükdə Avropa İttifaqı səviyyəsində tətbiq olunacaq sanksiyalardan gedir. Onun sözlərinə görə, yalnız bütün Aİ ölkələrinin birgə iqtisadi çəkisi ABŞ ilə koordinasiyada Rusiyaya təzyiq göstərməyə imkan verir. O, Fransanın bu prosesi fəal şəkildə dəstəklədiyini və yeni sanksiyalar paketinin tezliklə qəbul olunacağına ümid etdiyini bildirib. Barro həmçinin xatırladıb ki, may ayında qəbul olunmuş 17-ci sanksiyalar paketinə Paris rəhbərlik edib.
Fransalı diplomat bu bəyanatı Ukraynaya iki günlük səfəri çərçivəsində telefonla verdiyi müsahibə zamanı səsləndirib. O bildirib ki, ölkənin şərqində, cəbhə xəttinə yaxın bir şəhəri ziyarət edib, lakin təhlükəsizlik səbəbindən həmin şəhərin adını açıqlamayıb.
Qeyd edək ki, iki aylıq müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar. Yeni paketə 50-dən çox fiziki və hüquqi şəxs daxil edilib. Sanksiyalar çərçivəsində 22 Rusiya bankı, "Şimal axınları" və Hindistandakı "Rosneft"in neft emalı zavodu hədəfə alınıb. Rusiya neftinə tətbiq edilən qiymət tavanı 60 dollardan 47,6 dollara endirilib. Həmçinin Rusiya mənşəli neft məhsullarının Aİ-yə idxalına qadağa qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31