Ukraynaya Avropadan silah tədarükünü dayandıra bilər - ÖZƏL

Ukraynada korrupsiya Avropa ölkələrindən silah tədarükünü təhlükə altına qoya bilər. Olaylar.az xəbər verir ki,  bu barədə "Bloomberg" agentliyinin kolumnisti Mark Çempion yazıb. Onun fikrincə, Ukraynanın korrupsiya ilə bağlı problemləri hələ də onun "Axilles dabanı" olaraq qalır və bu, Avropa hərbi yardımının dayandırılmasına səbəb ola bilər.
Çempion bu fikirləri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunda  keçirdiyi axtarışları şərh edərkən bildirib. "Əgər korrupsiyada ittiham olunan bir hökumət onu məsuliyyətə cəlb etməyə çalışan qurumlara qarşı reydlər keçirirsə, bu, həmişə pis əlamətdir. Və bu, ölkənin özünə rəva görə bilməyəcəyi bir addımdır - xüsusilə də Avropa vergiödəyicilərindən müdafiəsinə milyardlarla avro tələb etdiyi bir vaxtda", - deyə jurnalist vurğulayıb.
Keçirilən reydlər, eləcə də Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin saxlanılması Çempion tərəfindən siyasi motivli addım kimi qiymətləndirilib. "Bu hadisələr, ölkənin hərbi ehtiyaclarına birbaşa və dağıdıcı təsir göstərə biləcək daha geniş bir problemin simvoludur", - deyə o əlavə edib.
Bundan başqa, o, "Xalqın Xidmətçisi" partiyasının parlamentə təqdim etdiyi və silah istehsalı və alışında iştirak edən şəxsləri məhkəmə məsuliyyətindən azad edə biləcək qanun layihəsini də narahatedici meyillər sırasına daxil edib. Kolumnistin fikrincə, "əgər bu qanun layihəsi indiki formada qəbul olunsa, bu, ölkənin müdafiə sənayesində korrupsiya üçün lisenziya kimi qəbul ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31