Rutte NATO ölkələrini Ukrayna üçün ABŞ-dan daha çox silah almağa çağırıb - ÖZƏL
21 İyul 19:12 DünyaNATO baş katibinin sözlərinə görə, Kiyevə silah alınması alyansın üzv ölkələrinə Haaqada keçirilən sammitdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə kömək edəcək.
Olaylar xəbər verir ki,NATO baş katibi Mark Rutte Ukrayna üzrə əlaqələndirmə qrupunun videokonfrans formatında keçirilən iclasında blok ölkələrinin müdafiə nazirlərini Ukrayna üçün ABŞ-dan daha çox silah almağa çağırıb.
Bu barədə iclasın yekunlarına dair NATO-nun mətbuat xidməti məlumat yayıb.
"Müdafiə nazirlərinə müraciət edən baş katib, ABŞ prezidenti Donald Trampla birgə ötən həftə elan etdiyi təşəbbüsə diqqət çəkib. Bu təşəbbüs müttəfiqlərin Kanada və Avropadakı sərmayələri hesabına ABŞ-ın Ukraynaya yeni hərbi imkanlar təqdim etməsi yolu ilə Ukraynaya dəstəyin gücləndirilməsini nəzərdə tutur", - deyə NATO-nun mətbuat xidməti bildirib.
Rutte həmçinin vurğulayıb ki, NATO ölkələri Ukrayna üçün ABŞ-dan daha çox silah almaqla 24-25 iyun tarixlərində Haaqada keçirilən sammitdə qarşıya qoyulan üç vəzifənin - hərbi xərclərin artırılması, hərbi istehsalın genişləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi - icrasına başlaya bilərlər.
Tramp ötən həftə Vaşinqtonda Rutte ilə görüş zamanı bəyan etmişdi ki, ABŞ bundan sonra Ukraynaya silahları pulsuz göndərməyəcək, əvəzində bu silahların ödənişini Avropa ölkələri və Kanada həyata keçirəcək.
İbrahim Məmmədli