Trampın deportasiya planına amerikalıların dəstəyi azalır - ÖZƏL
10:51 DünyaABŞ Prezidenti Donald Trampın administrasiyasının həyata keçirdiyi qeyri-qanuni miqrantların deportasiyası proqramı getdikcə daha az dəstək qazanır. CBS televiziyası və YouGov ictimai rəy institutunun birgə keçirdiyi sorğunun nəticələrinə görə, artıq ölkə əhalisinin yarısından azı bu siyasəti dəstəkləyir.
Olaylar.az xəbər verir ki, araşdırma göstərib ki, respondentlərin 49%-i deportasiya əməliyyatını dəstəkləyir, 51%-i isə əleyhinədir. İyunda bu göstəricilər müvafiq olaraq 54% və 46% idi. Fevral ayında isə bu siyasətə müsbət münasibət bildirənlərin sayı 59%, mənfi münasibət bildirənlərin sayı isə 41% olmuşdu.
Ümumilikdə, respondentlərin 56%-i Trampın miqrasiya siyasətini bəyənmədiyini bildirib, 53%-i isə onun bu sahədəki yanaşmasını "həddindən artıq sərt" adlandırıb. Bununla yanaşı, iştirakçıların əhəmiyyətli bir hissəsi - 64%-i - bu tədbirlərin ABŞ-Meksika sərhədini qanunsuz keçənlərin sayını azaltdığını etiraf edib.
Respondentlərin əksəriyyəti (56%) hesab edir ki, hökumət əsasən cəmiyyət üçün təhlükə yaratmayan şəxsləri deportasiya edir. Halbuki iyun ayında keçirilən sorğuda iştirakçıların 53%-i administrasiyanın əsas diqqəti təhlükəli cinayətkarların ölkədən çıxarılmasına yönəltdiyini düşünürdü. Sorğu iştirakçılarının 52%-i administrasiyanın gözlədiklərindən daha çox insanı deportasiya etdiyini deyib, 58%-i isə federal hökumətin cəzaçəkmə müəssisələrindən istifadəsi ilə bağlı narazılığını ifadə edib.
Sorğu 16-18 iyul tarixlərində 2,3 mindən çox amerikalı arasında keçirilib və nəticələrin statistik xəta payı 2,5 faiz bəndi təşkil edib.
Xatırladaq ki, Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib. İnaqurasiyasından dərhal sonra o, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqinə dair fərman imzalayıb. Prezident, ABŞ tarixində ən böyük miqrant deportasiyası əməliyyatını həyata keçirməyi - təxminən 1 milyon insanı ölkədən çıxarmağı qarşısına məqsəd qoyduğunu bildirib.