Avropa ABŞ-sız təhlükəsizlik dövrünə hazırlaşır – ÖZƏL

Vaşinqtonun Avropadakı müttəfiqləri ABŞ-nin iqtisadi və hərbi təhlükəsizlik sahəsində əsas təminatçı rolunu itirə biləcəyini nəzərə alaraq, "paralel diplomatik və müdafiə institutları" qururlar. Olaylar.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Qəzetin fikrincə, Britaniya, Fransa və Almaniya liderləri köhnə inciklikləri bir kənara qoyaraq, yeni müdafiə tərəfdaşlıqları qururlar və uzunmüddətli müttəfiq olan ABŞ-ə ehtiyatla yanaşırlar. ABŞ prezidenti Donald Tramp son altı ay ərzində onilliklərdir mövcud olan transatlantik ittifaqı sarsıdıb, deyə NYT qeyd edir.
May ayında Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Kir Starmer birlikdə Kiyevə səfər ediblər. İyulun 10-da Böyük Britaniya və Fransa nüvə caydırıcılığı sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib və bu sahədə koordinasiyalı addımlar atmaq imkanını müzakirə ediblər. İyulun 17-də isə London və Berlin iqtisadi və müdafiə əməkdaşlığı barədə saziş imzalayıblar. NYT qeyd edir ki, bu üç ölkənin əməkdaşlığı artıq bəzən "üçbucaq alyansı" kimi adlandırılır.
NYT-yə danışan Avropa rəsmilərinin sözlərinə görə, yaradılan yeni institutlar NATO və G7 daxil olmaqla mövcud strukturları əvəz etmək üçün yox, onları tamamlayacaq şəkildə nəzərdə tutulub. Bununla belə, NATO artıq 32 ölkəni əhatə edən, müxtəlif fikir ayrılıqlarına sahib "böyük bir müdafiə bürokratiyası"na çevrilib. Berlin, London və Parisdəki rəsmilər daha kiçik və çevik qrup yaratmaq niyyətindədirlər ki, bu da Avropa ilə ABŞ arasında dəyişən münasibətlərə çevik reaksiya verməyə imkan versin.
Almaniyalı rəsmilərin özəl danışıqlarda bildirdiyinə görə, hazırkı dövrdə ən düzgün strategiya hərbi xərcləri artırmaq və Avropa daxilində tərəfdaşlarla daha sıx əməkdaşlıq qurmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31