Heç bir ikinci və ya üçüncü dövlət digər dövlətin daxili və xarici işlərinə qarışmamalıdır - ÖZƏL

"İran səfirinin bu sözləri bir daha göstərir ki, Fars-Molla rejimi ikili standartlarla hərəkət edir və ikiüzlü siyasət yürüdür. Biz illərdir İrana izah etməyə çalışırıq ki, hər bir dövlət, o cümlədən Azərbaycan, öz xarici siyasətində müstəqildir. Heç bir ikinci və ya üçüncü dövlət digər dövlətin daxili və xarici işlərinə qarışmamalıdır."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin nə müşahidə edirik? Davamlı olaraq görürük ki, İran, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri məsələsində özünü proseslərə zorla daxil etməyə çalışır. Bu yaxınlarda yaşanan hadisələrdən biri də İranın Ermənistandakı səfirinin - İsrail tərəfindən bombalanan bir vaxtda - Zəngəzur dəhlizi barədə açıqlama verməsi oldu. Halbuki bu məsələ onun səlahiyyət dairəsinə daxil deyil və ümumiyyətlə, İranın bu mövzuya aidiyyəti yoxdur.

İran rəsmiləri dəfələrlə Zəngəzur dəhlizini özlərinin "qırmızı xətti" adlandırıblar. Əgər bir dövlətin xarici siyasəti müstəqil olmalıdırsa və digər dövlətlər bu siyasətə qarışmamalıdırsa, o zaman İran niyə Zəngəzur dəhlizi məsələsinə müdaxilə edir? Əgər söhbət beynəlxalq səviyyədə tanınmış ərazilərdən gedirsə, bu torpaq Ermənistan Respublikasına məxsusdur. Bu dəhlizlə birbaşa əlaqəsi olan əsas dövlət isə Azərbaycan Respublikasıdır. Belə olan halda, İranın bu məsələyə qarışmağa nə hüququ, nə də əsaslı səbəbi var.

İranın digər dövlətlərin işlərinə müdaxiləsinin başqa bir nümunəsini də son günlərdə gördük. İranın Ali dini lideri Ayətullah Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti dost və qardaş ölkə olan Pakistanın daxili işlər nazirini qəbul edərkən ona məsləhət verib ki, Azərbaycanla münasibətlərdə ehtiyatlı olsun, Azərbaycana etibar etmək olmaz.

Bəs Pakistanın dövlət rəhbərləri, rəsmi şəxsləri, bu məsələdə İran rəsmilərindən daha səriştəsizdirmi ki, İranın tövsiyələrinə möhtacdırlar? Bu, həm diplomatik etikanın pozulması, həm də açıq-aşkar təhqiramiz və yersiz müdaxilədir. İran rəhbərliyi davamlı şəkildə bu cür davranış nümayiş etdirir.

Ona görə də İranın Ermənistandakı səfiri bu cür fikirlər səsləndirməzdən əvvəl həm öz mövqeyinə, həm də təmsil etdiyi rejimin mötəbərliyinə qiymət verməli, belə məsuliyyətsiz və təxribat xarakterli ifadələrdən çəkinməliydi."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31