Gürcüstanın Baş naziri Aİ-ni ölkəyə təzyiq göstərməkdə ittiham etdi – ÖZƏL
14:43 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri və "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze partiyanın Siyasi Şurasının bəyanatını təqdim edərək Avropa İttifaqı bürokratiyasını Gürcüstana qarşı "əsassız hücumlar" və siyasi təzyiqlərdə ittiham edib. Onun sözlərinə görə, Avropa strukturlarının bu təzyiqi Gürcüstanın Rusiya-Ukrayna müharibəsinə qoşulmaqdan imtinası ilə bağlıdır.
Kobaxidze bildirib ki, Gürcüstan Ukraynaya humanitar yardım göndərib, yüzlərlə beynəlxalq sənədi dəstəkləyib, müharibə cinayətlərinin araşdırılmasına sponsorluq edib və ukraynalı qaçqınları qəbul edib. Buna baxmayaraq, ABŞ-nin keçmiş administrasiyası Gürcüstanı haqsız yerə Rusiyayla əməkdaşlıqda və strateji tərəfdaşlıqdan yayınmaqda ittiham edib.
Baş nazir qeyd edib ki, Aİ və ABŞ Gürcüstanın "ikinci cəbhə" açmamasını bağışlamayıb və bunun nəticəsində Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunub, o cümlədən Bidzina İvanişvili də sanksiyalara məruz qalıb.
Kobaxidze iddia edib ki, Aİ Gürcüstanda hakimiyyət dəyişikliyi yaratmaq, cəmiyyəti hökumətə qarşı yönəltmək və müharibəyə sürükləyə biləcək qüvvələri dəstəkləmək istəyir. O əlavə edib ki, Avropa Parlamenti və Aİ rəsmiləri Gürcüstanı "xarici təsirin şəffaflığı" və "ailə dəyərləri haqqında" qanunları ləğv etməyə çağırır, əks təqdirdə, Gürcüstana qarşı viza rejiminin dayandırılması və azad ticarət razılaşmasının ləğvi ilə hədələyirlər.