BMT Suriyanı Əs-Suveydədəki qarşıdurmalarla bağlı şəffaf araşdırma aparmağa çağırdı - ÖZƏL
13:17 DünyaBirləşmiş Millətlər Təşkilatı Suriyanı Əs-Suveydə vilayətində baş verən qarşıdurmalarla bağlı şəffaf, sürətli və beynəlxalq standartlara uyğun araşdırma aparmağa çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Məhəmməd Xalid Hiyari Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Hiyari bildirib ki, "Suriyalı rəsmilər araşdırmanın şəffaf aparılmasını, beynəlxalq standartlara uyğun olmasını və tez bir zamanda başa çatdırılmasını təmin etməlidirlər". O xatırladıb ki, Əs-Suveydədəki toqquşmalar nəticəsində Dəməşq qüvvələri, druz döyüşçüləri və mülki əhali - druzlar və bədəvilər arasında, o cümlədən qadınlar, uşaqlar və yaşlılar arasında yüzlərlə insan həlak olub.
O vurğulayıb ki, mülki əhali hələ də ciddi təhlükələrlə üzləşir, Əs-Suveydədəki tibb müəssisələri isə imkanlarının son həddində fəaliyyət göstərir. Kommersiya tədarükü pozulub, təhlükəsizlik problemləri və yolların bağlanması səbəbilə zərərçəkmiş ərazilərə çıxış çətinləşib.
Hiyari həmçinin İsrailin Suriyanın hərbi kolonlarına endirdiyi zərbələri və Dəməşqdəki obyektlərə hücumlarını pisləyərək bildirib ki, bu cür hərəkətlər Suriyada yeni gələcək qurmaq cəhdlərinə ciddi zərbə vurur. O, İsrail və Suriyanın 1974-cü ildə imzaladığı qüvvələrin ayrılması razılaşmasının şərtlərinə əməl olunmasının vacibliyini qeyd edib.
BMT hesab edir ki, Əs-Suveydədə təhlükəsizlik və sabitliyə yalnız cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə gerçək barışıq yolu ilə nail olmaq mümkündür.
Qeyd edək ki, cənubdakı gərginlik 13 iyulda Əs-Suveydədə könüllü dəstələrlə druzların özünümüdafiə qüvvələri arasında silahlı toqquşmalarla başladı. 15 iyulda Suriya ordusu vilayətin mərkəzinə daxil olaraq bölgədə sabitlik yaratmaq məqsədilə hərbi əməliyyatlara başladı. Az sonra İsrail, druz əhalisinin təhlükəsizliyini əsas gətirərək Suriya ordusunun kolonlarına zərbələr endirdi və 16 iyulda paytaxt Dəməşqdə bir neçə strateji obyektə hücum etdi.
Druzlar - əsasən Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli, ayrıca etno-konfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da ölkədə kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini-etnik azlıq sayılır.