Kobaxidze: Aİ Gürcüstanı ikinci cəbhə açmadığına görə şantaj edir - ÖZƏL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Avropa İttifaqı Gürcüstanın Rusiyaya qarşı "ikinci cəbhə" açmaqdan imtina etməsindən sonra bu ölkəyə qarşı hücum rejiminə keçib və şantaj vasitəsi kimi vizasız rejimin ləğvi məsələsini gündəmə gətirib.
"Gürcüstanda ikinci cəbhənin açılmasını istəyənlər bu istəyə o qədər bağlıdırlar ki, Avropa bürokratiyasını tamamilə bu istiqamətə yönəldiblər. Onların sonuncu kozırı isə vizasız rejimin ləğvidir. Onlar düşünürlər ki, Aİ, heç bir əsas olmadan, bu rejimi ləğv etsə, cəmiyyətdə narahatlıq yaradacaq və nəticədə hakimiyyət çevrilməsi baş verəcək, əvəzində isə agentura idarəçiliyi gətiriləcək", - deyə baş nazir brifinq zamanı bildirib.
Olaylar.az xəbər verir ki,  Kobaxidze həmçinin Gürcüstanı müharibəyə cəlb etmək cəhdlərində ABŞ-nin əvvəlki administrasiyasını da ittiham edib. Onun sözlərinə görə, Ukraynada müharibənin başlamasından dərhal sonra ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken və keçmiş Tbilisi səfiri Kelli Deqnan Gürcüstana qarşı hücuma keçiblər.
"'Qlobal müharibə partiyasının' göstərişlərinə tabe olmamaq Gürcüstana problem yaradacağı ABŞ administrasiyasının ritorikasından hiss olunurdu. Ardınca isə konkret addımlar atmağa başladılar - əsassız sanksiyalar tətbiq etdilər, strateji tərəfdaşlıq haqqında sazişi naməlum səbəblərlə ləğv etdilər və nəhayət, 'Gürcü arzusu'nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə qarşı heç bir fakta əsaslanmadan, Rusiyayla əlaqədə ittiham edərək sanksiyalar tətbiq etdilər", - deyə Kobaxidze vurğulayıb.
Xatırladaq ki, 2022-ci il fevralın 25-də həmin dövrdə Gürcüstanın baş naziri olan İrakli Qaribaşvili Ukraynadakı hadisələrlə əlaqədar Rusiyaya qarşı sanksiya tətbiq etməyi planlaşdırmadıqlarını, bunu milli maraqlarla əsaslandırdıqlarını bildirmişdi. Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski martın əvvəlində Tbilisidəki səfiri geri çağırmışdı. Gürcü müxalifəti də hökuməti Rusiya ilə əməkdaşlıqda ittiham etmişdi.
Qeyd edək ki, Gürcüstan 2023-cü ilin sonunda Aİ-yə namizəd statusu alıb. 2024-cü ildə isə ölkədə "xarici agentlər haqqında" qanun qəbul edilib ki, bu da geniş etirazlara və Qərbin kəskin reaksiyasına səbəb olub. Gərginləşən münasibətlər fonunda, 28 noyabr 2024-cü ildə İrakli Kobaxidze Gürcüstanın Aİ-yə üzvlüklə bağlı danışıqları birtərəfli qaydada dondurduğunu açıqlayıb. Bu qərar da ölkədə davam edən etirazlara yol açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31