İran səfiri: “Ermənistanın Qərblə əlaqələri Tehrana qarşı addım deyil” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Suxbani "OTA" kanalına verdiyi açıqlamada bildirib ki, İran Ermənistanın xarici siyasətini şaxələndirməsini onun suveren hüququ kimi qəbul edir və bu prosesi Tehrana qarşı yönəlmiş addım kimi qiymətləndirmir.

"Biz Ermənistanın Avropa İttifaqı və Qərblə münasibətlərini inkişaf etdirməsini İrana qarşı addım kimi görmürük. Ermənistan sadəcə öz maraqları naminə əlaqələrini müxtəlif istiqamətlərdə şaxələndirməyə çalışır. O, müstəqil dövlətdir və biz ona hansı ölkə ilə münasibət qurub, hansıyla qurmamalı olduğunu deyə bilmərik," - deyə səfir vurğulayıb.

Mehdi Suxbani qeyd edib ki, Ermənistan hökuməti İranla münasibətlərin qorunmasına xüsusi həssaslıqla yanaşır və ölkənin Qərblə inkişaf edən əlaqələrinin İran-Ermənistan münasibətlərinə mənfi təsir göstərməyəcəyinə dair Tehranı əmin edib.

Səfir əlavə edib ki, İran şirkətləri hazırda Avropa İttifaqı və Dünya Bankının maliyyələşdirdiyi layihələrdə iştirak edir, o cümlədən Mərkəzə yaxın tullantıların emalı zavodunun tikintisində və Mehri gömrüyündə həyata keçirilən infrastruktur layihələrində yer alır.

"Ermənistanın Avropa ilə yaxşı münasibətlərindən İranla əməkdaşlıq üçün də istifadə olunacağına ümid edirik. Bu əməkdaşlıq ticarət, turizm, mədəni əlaqələr və iqtisadi tərəfdaşlığın inkişafına xidmət edir", - deyə səfir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31