Aİ büdcəsinin böyük hissəsi borcların ödənilməsinə gedəcək – ÖZƏL

Avropa Parlamentinin latviyalı deputatı, Riqanın keçmiş meri (2009-2019) Nil Uşakov bildirib ki, Avropa Komissiyasının 2028-2034-cü illər üçün təqdim etdiyi yeni büdcə sənədi əvvəlki dövrlə müqayisədə faktiki olaraq daha az vəsait nəzərdə tutur. Olaylar.az xəbər verir ki,  onun sözlərinə görə, səbəb gələcək yeddi il üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin böyük bir hissəsinin əvvəlki borcların və kreditlərin ödənilməsinə yönəldilməsidir.
 "Problem ondadır ki, növbəti yeddi il üçün planlaşdırılan vəsaitlərin əhəmiyyətli hissəsi əvvəlki borcların qaytarılmasına sərf olunacaq", - deyə Uşakov Latviyanın dövlət televiziya və radio yayımçısı LSM-ə müsahibəsində bildirib. Deputatın fikrincə, təklif olunan büdcə sənədində "çoxlu problemlər" var və ona görə də bu sənəd üzərində "hələ çox işləmək lazım olacaq".
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası 2028-2034-cü illər üçün Aİ büdcəsini 800 milyard avro artırmağı təklif edib. Yeni büdcənin ümumi həcmi təxminən 2 trilyon avro təşkil edəcək. Müqayisə üçün, hazırkı 2021-2027-ci illər dövründə bu rəqəm 1,2 trilyon avro olub.
Eyni zamanda, Avropa Komissiyası Rusiya, Belarus və Ukrayna ilə sərhəddə yerləşən Aİ ölkələrinə əlavə maliyyə dəstəyi ayırmağı təklif edir. Bu addım həmin bölgələrdə təhlükəsizlik risklərinin artması ilə əsaslandırılır. Həmçinin, illik dövriyyəsi 100 milyon avrodan çox olan şirkətlər üçün birdəfəlik illik vergi yığımının tətbiqi də planlaşdırılır.
Yeni yeddiillik büdcənin razılaşdırılması ilə bağlı danışıqlar 2025-ci ilin sentyabrında başlayacaq və 2027-ci ilin sentyabrına qədər yekunlaşdırılmalıdır. Bundan sonra, qəbul edilən plan əsasında Aİ-nin illik büdcələri formalaşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31