ABŞ xarici yardımları və ictimai yayımı dayandırır - ÖZƏL

ABŞ Konqresinin Nümayəndələr Palatası xarici yardımlara və ictimai yayım şirkətlərinə ayrılan dövlət vəsaitlərinin ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsi 17 iyulda Senat tərəfindən də təsdiqlənmişdi. Olaylar.az xəbər verir ki, bu barədə prezident Donald Tramp "Truth Social" platformasında məlumat verib.
"Palata 9 milyard dollar məbləğində xərclərin azaldılmasına dair paketi təsdiqlədi. Bu vəsaitə, hər il milyardlarla dollar udan dəhşətli NPR və PBS də daxildir. Respublikaçılar bunu 40 ildir etməyə çalışırdı, amma bacarmırdılar. İndi isə bacardılar. Bu, möhtəşəmdir!" - deyə Tramp bildirib.
Qanun layihəsinə əsasən, ABŞ Dövlət Departamentinə məxsus ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün ayrılmış 7,9 milyard dollar və Amerika İctimai Yayım Korporasiyasına yönəldilmiş 1,1 milyard dollar federal büdcəyə geri qaytarılacaq. Bu məbləğ, demək olar ki, NPR və PBS kimi qurumların maliyyələşdirildiyi ikiillik büdcəyə bərabərdir.
Xatırladaq ki, Tramp iyunun 4-də Konqresə xarici yardımların və NPR, PBS kimi yayım şirkətlərinin dövlət tərəfindən maliyyələşdirilməsinin ləğv olunması ilə bağlı rəsmi müraciət göndərmişdi. NPR ABŞ üzrə 797 radio stansiyanı, PBS isə 50 ştatda fəaliyyət göstərən 354 qeyri-kommersiya televiziya stansiyasını birləşdirir.
"The Washington Post" qəzetinin 14 aprel tarixli xəbərinə görə, Ağ Ev Dövlət Departamentinin büdcəsinin demək olar ki, iki dəfə azaldılmasını və beynəlxalq təşkilatlara ayrılan vəsaitlərin 90% ixtisarını planlaşdırır. Bura BMT, NATO və 20-dən çox beynəlxalq təşkilatın maliyyələşdirilməsi də daxildir.
Qeyd edək ki, fevralın 3-də Tramp administrasiyası ABŞ-nin xarici siyasət aləti kimi istifadə etdiyi USAID-in fəaliyyətini faktiki olaraq dayandırmışdı. Martın 10-da dövlət katibi Marko Rubio bildirib ki, aparılan yoxlamalardan sonra agentliyin proqramlarının 83%-i ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31