274 nəfərin öldüyü təyyarə qəzasının yeni TƏFƏRRÜATLARI

İyunun 12-də  Hindistanda "Air India" şirkətinə məxsus Boeing təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar üzə çıxarıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.

"Qara qutu qeydinə görə, təyyarənin kapitanı Sumit Sabharval havaya qalxdıqdan az sonra hər iki mühərrikin yanacaq açarlarını söndürüb. İkinci pilot Klayv Kunder kapitanın hərəkətindən təəccüblənib, narahatlığını bildirib, daha sonra panikaya düşüb. Lakin Sabharval sakitliyini qoruyub. Təxminən on saniyədən sonra açarlar ilkin vəziyyətinə qaytarılsa da, təyyarə tezliklə Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb", - deyə bildirilib.

Hindistan Təhqiqat Bürosunun ilkin hesabatında sistemlərin qəsdən və ya təsadüfən söndürüldüyü hələ göstərilmir.

Qeyd edək ki, iyunun 12-də "Air India" şirkətinə məxsus olan "Boeing 787" tipli təyyarə havaya qalxdıqdan saniyələr sonra Meqaninaqar yaxınlığında yaşayış massivindəki binaların üzərinə düşüb və ardınca yanğın başlayıb.

Hadisə zamanı 274 nəfər ölüb, yalnız bir nəfər - 40 yaşlı Vişvas Kumar Rameş sağ qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31