Fransa və İtaliya ABŞ silahlarının Ukraynaya alınmasında iştirak etməyəcək – ÖZƏL
16 İyul 14:41 DünyaOlaylar.az xəbər verir ki, Fransa və İtaliya Ukraynaya ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq. Politico və La Stampa nəşrlərinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, Paris və Roma büdcə kəsiri və maliyyə məhdudiyyətlərinə görə bu təşəbbüsə dəstək verməkdən imtina edib. Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinin yerli müdafiə sənayesini gücləndirməsinin vacibliyini vurğulayıb.
İtaliya Müdafiə Nazirliyi isə bildirib ki, ABŞ silahlarının alınması heç zaman gündəmdə olmayıb. Bundan əvvəl Çexiya da bu təşəbbüsdə iştirakdan imtina etmişdi.
Almaniya isə ABŞ-dən Patriot sistemlərinin alınmasında israrlıdır və bu təşəbbüsə liderlik edir. Kansler Fridrix Mers ABŞ Prezidenti Donald Trampla razılaşaraq, bu sistemlərdən ikisini Ukraynaya göndərmək, əvəzində isə Vaşinqtondan 2 milyard dollarlıq yeni komplekslər sifariş etmək niyyətindədir.
Yeni yardım planına əsasən, ABŞ Ukraynaya silah göndərəcək, lakin bütün xərclər Avropa ölkələrinin üzərinə düşəcək. İlk mərhələdə 10 milyard dollarlıq hərbi yardım paketi nəzərdə tutulur.