Kolumbiya Prezidenti: “Azadlıq heykəlini Latın Amerikasına köçürmək lazımdır”- ÖZƏL
16 İyul 13:49 DünyaKolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin miqrantlarla bağlı siyasətini sərt şəkildə tənqid edərək, Nyu-Yorkda yerləşən Azadlıq heykəlinin Latın Amerikasına köçürülməsini təklif edib. Olaylar.az xəbər verir ki, o, bu fikrini ABŞ hakimiyyətinin miqrant hüquqlarına laqeyd münasibəti ilə əsaslandırıb.
"Onlar özlərini ağdərili olmaqla üstün irq hesab edirlər. Amma Amerikada azadlıq uğrunda mübarizə aparanlar qaradərili insanlar olub. Onlar ilk azad ərazini yaradanlardır", - deyə Petro "Semana" qəzetinə müsahibəsində bildirib. "Əgər doğrudan da demokratiya və azadlıq önəmlidirsə, gəlin bu məsələlərdə razılığa gələk. Əks halda, Azadlıq heykəlini Nyu-Yorkdan götürüb Kolumbiyanın Kartagena şəhərinə köçürmək daha məntiqli olar".
Prezident ABŞ-nin miqrasiyaya qarşı sərt tədbirlərini, o cümlədən Floridada qeyri-qanuni miqrantlar üçün timsahların və digər təhlükəli heyvanların yaşadığı ərazidə saxlanma mərkəzinin tikilməsini də kəskin tənqid edib: "Demokratlar artıq bildiriblər ki, bu, insanlığa qarşı cinayətdir. Xahiş edirik, belə bir səhvə yol verməyin. Söhbət demokratiya və azadlıqdan gedir. Onlar bizə kölə kimi davranmağı düşünürlər?"
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olub. O, prezidentliyinin ilk günlərində Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan etmiş və ölkə tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirmişdi.
Xatırladaq ki, Azadlıq heykəli ABŞ-nin və Nyu-Yorkun əsas simvollarından biridir. 1885-ci ildə Fransadan hədiyyə olaraq gətirilmiş bu abidə Nyu-York limanındakı Liberty adasında yerləşir. Heykəlin ümumi hündürlüyü 93 metrdir.