Çin: Ukrayna böhranının yeganə həlli danışıqlardır - ÖZƏL

Çin Xalq Respublikası Ukrayna böhranının yeganə çıxış yolunun siyasi dialoq və danışıqlar olduğunu hesab edir. Çin tərəfi həmçinin Rusiyaya təzyiq göstərməkdən imtina edən ölkələrə qarşı tətbiq oluna biləcək birtərəfli sanksiyalara qarşı çıxır. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li Çianq NATO Baş katibi Mark Ruttenin bəyanatını şərh edərkən bildirib.
Rutte daha əvvəl Çin, Hindistan və Braziliyanın Rusiyaya qarşı təzyiqlərə qoşulmadıqları üçün ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəklərini söyləmişdi.
"Çin hər zaman hesab edib ki, Ukrayna böhranının həlli üçün danışıqlar yeganə mümkün yoldur və biz qanunsuz, birtərəfli sanksiyalara qəti şəkildə qarşıyıq. Tarif müharibələrində qalib olmur, təzyiq və məcburiyyət isə problemin həlli ola bilməz", - deyə Li Çianq vurğulayıb.
Çin rəsmisi həmçinin ümid etdiyini bildirib ki, "bütün tərəflər Ukrayna böhranının həllinə daha çox töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31