Tramp: "Həyat yoldaşım Ukrayna məsələsində çox neytraldır" - ÖZƏL

Olaylar.az xəbər verir ki,  ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Ukraynadakı münaqişə ilə bağlı neytral mövqe tutduğunu bildirib.
"O, bu məsələdə çox neytraldır.  Onun istəyi odur ki, insanlar ölməsin," - deyə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ağ Evin rəhbəri əlavə edib ki, onun öz mövqeyi də həyat yoldaşının fikirləri ilə üst-üstə düşür. "Bəziləri deyir, sən bu tərəfdəsən, ya o biri tərəfdə. Mən isə o tərəfdəyəm ki, insanlar ölməsin," - deyə Tramp vurğulayıb.
Bundan öncə Britaniyanın The Times nəşri yazmışdı ki, Melaniya Tramp əri Donald Trampın Ukraynaya silah tədarükünün bərpası ilə bağlı qərarına təsir edib.
14 iyulda Tramp bəyan etmişdi ki, əgər Avropa bu tədarükləri maliyyələşdirsə, ABŞ Ukraynaya silah və hərbi texnika verməyə davam edəcək. Bu prosesə nəzarəti NATO həyata keçirəcək. CNN isə mənbələrə istinadla bildirmişdi ki, ABŞ yalnız Patriot sistemləri deyil, həm də NATO ölkələrinə Ukraynaya ötürmək üçün qısa mənzilli raketlər və haubitsalar üçün sursatlar da təqdim edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31