Reuters: Trampın sanksiya təhdidi Rusiya neftinə ciddi zərbə ola bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Reuters agentliyinin qiymətləndirməsinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı vəd etdiyi ikinci dərəcəli sanksiyalar Kremlə ciddi iqtisadi zərbə vura bilər. Əgər bu tədbirlər həyata keçsə, Rusiya neftinin ixrac imkanları ciddi şəkildə məhdudlaşacaq və bu, büdcə gəlirlərinə mənfi təsir göstərəcək.

Hazırda Rusiyanın neft gəlirləri federal büdcənin 30-50 faizini təşkil edir və əsas alıcılar Çin, Hindistan və Türkiyədir. Qərb ölkələri rus neftinə 60 dollarlıq qiymət tavanı tətbiq etsə də, Moskva bu məhdudiyyətləri "kölgə donanması" vasitəsilə səmərəli şəkildə aşmağı bacarır.

Reuters-in şərhində bildirilir ki, əgər Tramp Rusiyayla ticarət edən ölkələrə 100 faizlik gömrük rüsumu tətbiq etsə, bu, neftdən gələn gəlirləri ciddi şəkildə azalda bilər. Bununla belə, neft treyderləri Trampın bu təhdidlərini reallaşdıracağına inanmır.

Məqalədə vurğulanır ki, belə sanksiyalar dünya enerji bazarında qiymətlərin kəskin artımına, qlobal inflyasiyaya və nəticədə ABŞ istehlakçılarının zərər çəkməsinə səbəb ola bilər. Bu isə Trampın istəməyəcəyi bir ssenaridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31