İran infrastrukturun bərpası üçün yardım istəməyib – ÖZƏL

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, İran, ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılmış obyektlərin bərpası ilə bağlı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrdən heç bir yardım istəməyib.
Olaylar.az xəbər verir ki, bu barədə Lavrov Tyantszində keçirilən ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra təşkil olunmuş mətbuat konfransında bildirib.
"İran tərəfi belə bir müraciət etməyib", - deyə rusiyalı diplomat qeyd edib.
Xatırladaq ki, 13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan təxminən bir sutka sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə eskalasiyadan 9 gün sonra - 22 iyun gecəsi İrana məxsus üç nüvə obyektinə hava zərbəsi endirib. Ertəsi gün - 23 iyun axşamı isə İran Qətərdə yerləşən və Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Əl-Üdeydə raket zərbəsi endirib. ABŞ hakimiyyətinin məlumatına görə, zərbələr nəticəsində xəsarət alan olmayıb, ciddi dağıntı qeydə alınmayıb.
Daha sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər. Atəşkəs 24 iyun tarixindən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31