İran İsrail təcavüzü zamanı göstərilən dəstəyə görə ŞƏT-ə təşəkkür edib - ÖZƏL
13:11 Dünyaİran İslam Respublikasının Xarici İşlər naziri Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) İsrailin təcavüzü zamanı göstərilən dəstəyə görə təşəkkür edib. Olaylar.az xəbər verir ki, bu barədə o, Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
"ŞƏT çox mühüm regional təşkilatdır və biz bu quruma böyük əhəmiyyət veririk. Onun çərçivəsində təhlükəsizlik məsələləri də müzakirə olunur. Bizə qarşı İsrail tərəfindən həyata keçirilən təcavüzlə bağlı İranın dəstəklənməsi bizi sevindirdi", - deyə Abbas Əraqçi bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir sutka sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə münaqişənin qızışmasından doqquz gün sonra - iyunun 22-nə keçən gecə İranda yerləşən üç nüvə obyektini vuraraq qarşıdurmaya qoşulub. Ertəsi gün, iyunun 23-də İran Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük ABŞ hərbi bazası olan Əl-Udeydə raket zərbəsi endirib. ABŞ rəsmilərinin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb.
ABŞ Prezidenti Donald Tramp daha sonra açıqlama verərək İsrail və İranın tam atəşkəsə razılaşdığını bildirib. Rəsmi məlumatlara görə, atəşkəs iyunun 24-dən qüvvəyə minib. İran tərəfinin verdiyi rəsmi məlumata əsasən, qarşıdurma nəticəsində 1 060 nəfər həlak olub, 5 mindən çox insan isə yaralanıb.