Cənubi Koreya Yaponiyanın Dokdo adaları ilə bağlı iddialarına kəskin etiraz edib - ÖZƏL

Cənubi Koreya hökuməti, Yaponiyanın 2025-ci il üzrə Müdafiə Ağ Kitabında Dokdo adaları ilə bağlı irəli sürdüyü ərazi iddialarına görə rəsmi etirazını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi çərşənbə axşamı açıqlama yayıb.
Ağ Kitabda qeyd olunur ki, Takesima (Yaponiyada Dokdo adalarının adı belə verilir) Yaponiyanın ərazisinə aiddir və "adalarla bağlı ərazi məsələləri hələ də həll olunmamış qalır".
Koreya XİN-in rəsmi nümayəndəsi bildirib: "Koreya Respublikası hökuməti Yaponiyanın Dokdo adaları ilə bağlı əsassız ərazi iddialarını bir daha səsləndirməsinə görə qəti etiraz edir və istənilən hüquqa zidd hərəkətə qarşı sərt şəkildə cavab verəcək." O, həmçinin qeyd edib ki, Dokdo adaları tarix, coğrafiya və beynəlxalq hüquq baxımından Cənubi Koreyanın ərazisidir.
Dokdo - Koreya yarımadasının şərqində yerləşən, ümumi sahəsi 0.188 kvadrat kilometr olan kiçik, qayalı və insan yaşamayan adalardır. Bu ərazilər 1945-ci ildə Koreya Yaponiyanın müstəmləkə hakimiyyətindən azad edildikdən sonra beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda Dokdo adalarına Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir. Bununla belə, Yaponiya bu ərazilər üzərində suverenlik iddiasını rəsmi sənədlərdə və məktəb dərsliklərində davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31