İran XİN rəhbəri: ŞƏT dünya miqyasında təsirini artırır – ÖZƏL
11:04 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tədricən dünya arenasında təsirini gücləndirir və regional çərçivədən kənara çıxır.
Olaylar.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Çinə səfəri zamanı Əraqçi qeyd edib ki, səfərinin məqsədi Çinin sədrlik edəcəyi və Tyançzin şəhərində keçiriləcək ŞƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak etməkdir. Onun sözlərinə görə, təşkilat iqtisadiyyat, siyasət və təhlükəsizlik də daxil olmaqla, geniş spektrli məsələləri nəzərdən keçirir.
Nazir bildirib ki, iclas zamanı enerji, ticarət və digər sahələrdə ŞƏT-in inkişaf strategiyası təsdiqlənəcək, habelə aktual beynəlxalq məsələlər müzakirə olunacaq. O, Çin və Rusiya XİN rəhbərləri ilə ikitərəfli görüşlərin də baş tutacağını vurğulayıb.
Əraqçi həmçinin ABŞ və İsrailin İrana qarşı təcavüzünü şərh edərək qeyd edib ki, 120-dən çox ölkə və beynəlxalq təşkilat bu hücumu pisləyib və İranla həmrəylik nümayiş etdirib. Onun sözlərinə görə, ŞƏT də bu məsələ ilə bağlı bəyanat yayıb və bu, yüksək qiymətləndirilməlidir. Əraqçi bu mövzuya sabahkı çıxışında geniş yer verəcəyini bildirib.