ABŞ və Aİ arasında ticarət müharibəsi başlaya bilər – İsveç xəbərdarlıq edir - ÖZƏL
13:51 DünyaABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət gərginliyi artmaqdadır. İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benyamin Doussa bildirib ki, Avropa ticarət müharibəsi təhlükəsini istisna etməməlidir. Olaylar.az xəbər verir ki, bu barədə o, Brüsseldə keçiriləcək görüş ərəfəsində jurnalistlərə açıqlama verib.
"ABŞ artıq bir neçə səviyyədə vəziyyəti gərginləşdirib və onları ticarət müharibəsinə başlamaqdan çəkindirəcək bir səbəb yoxdur. 30 faizlik gömrük rüsumları bizim - avropalıların qəbul edə biləcəyi bir hal deyil. Biz daim bütün tərəfləri qane edəcək ortaq həll yolu tapmağa çalışmışıq, lakin Ağ Ev öz yolunu tutmaqda israrlıdır və bu, təəssüf doğurur", - deyə Doussa bildirib.
Nazirin sözlərinə görə, Avropa İttifaqı ABŞ-lə danışıqları beynəlxalq ticarət normalarına uyğun şəkildə aparıb və bu günə qədər Amerika mallarına heç bir əlavə tarif tətbiq etməyib: "Biz ticarət münaqişəsini aradan qaldıracaq əsaslı razılaşmanın astanasında idik. Belə bir məqamda Ağ Evin vəziyyəti gərginləşdirməsi mənə bir qədər təəccüblü gəlir."
İsveçli nazir Brüsselin mümkün risklərə hazır olmalı olduğunu da vurğulayıb: "Ağ Evdən hər saat yeni məlumatlar gəlir və onların nə düşündüyünü öncədən bilmək çətindir. Lakin biz ən pis ssenariyə belə hazır olmalıyıq."
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı məktubda Avropa Komissiyasının rəhbərliyini məlumatlandıraraq, 1 avqustdan etibarən Aİ-dən idxal olunan mallara 30 faizlik yeni gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan edib. Bu tariflər sektoral tariflərdən (10%) ayrı olaraq tətbiq olunacaq.
Avropa Komissiyasının yaydığı bəyanatda isə vurğulanır ki, Aİ 1 avqusta qədər ABŞ-lə razılaşma əldə etməyə çalışacaq, eyni zamanda qarşı tədbirləri hazırlayır.