Marukyan Aİ-ni Ermənistanda anti-demokratik prosesləri dayandırmağa çağırdı – ÖZƏL

"Maariflənmiş Ermənistan" partiyasının lideri, sabiq səfir Edmon Marukyan Avropa Komissiyasının sədri Ursula fon der Leyenə və Avropa Şurasının rəhbəri Antoniu Koştaya məktub ünvanlayaraq Avropa İttifaqını Ermənistandakı anti-demokratik proseslərə göz yummamağa çağırıb. 

Olaylar.az xəbər verir ki, məktub sosial şəbəkə X-də dərc edilib.

Marukyan xatırladıb ki, Ermənistan hökumətini tənqid edən və Erməni Apostol Kilsəsini müdafiə edən xeyriyyəçi Samvel Karapetyan, həmçinin müxalifətin baş nazirliyə namizədi kimi irəli sürdüyü arxiyepiskop Mikael Acapahyan həbs olunub. Həmçinin hakimiyyət nümayəndələrinin "Daşnaksütyun" müxalifət partiyasını bağlamaqla hədələdiyi bildirilir.

Marukyan bu məsələlərin Ermənistanın beynəlxalq öhdəliklərinə və Avropa İttifaqının prinsiplərinə zidd olduğunu qeyd edərək, Brüsseldə baş tutacaq görüşdə bu məsələlərin Ermənistan baş naziri Nikol Paşinyan qarşısında qaldırılmasını istəyib.

Qeyd edək ki, Paşinyan 15 iyulda Brüsselə işgüzar səfər edib və Ursula fon der Leyen, eləcə də Antoniu Koşta ilə görüşlər keçirəcək. Ermənistanda hökumət və Erməni Apostol Kilsəsi arasında gərginlik baş nazirin kilsəyə qarşı kəskin açıqlamalarından və Katolikosun seçilmə qaydasının dəyişdirilməsi təklifindən sonra daha da artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31