Macaristan: Aİ-ABŞ tarif razılaşması Amerikanın xeyrinə olacaq - ÖZƏL
13:16 DünyaABŞ ilə Avropa İttifaqı (Aİ) arasında idxal tariflərinə dair gözlənilən razılaşma böyük ehtimalla qeyri-bərabər olacaq və Avropa maraqları hesabına ABŞ-nin xeyrinə işləyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin müavini Levente Mađar Aİ Xarici İşlər Şurasının Brüsseldə keçirilən ticarət məsələlərinə həsr olunmuş iclası öncəsi jurnalistlərə açıqlama verib.
"Razılaşmanın simmetrik olacağını gözləmək çətindir. Bu, daha çox Avropanın ziyanına, ABŞ-nin isə xeyrinə olacaq. Amma bu, ABŞ-nin bizim üçün yaratdığı yeni reallıqdır. Bu şəraitdə biz özümüz üçün maksimum fayda əldə etməyə çalışmalıyıq," - deyə Macarıstan rəsmisi bildirib.
O vurğulayıb ki, Aİ amerikalıların tələblərini nəzərə almalı, onları tamamilə görməməzlikdən gələ bilməz: "ABŞ qlobal ticarətdə yeni tarif siyasəti yürüdür və biz bununla hesablaşmalıyıq."
Eyni zamanda Mađar qeyd edib ki, Avropa İttifaqı ABŞ-ə qarşı "uyğun alətlərdən" istifadə etməlidir. "Mən dərhal cavab tədbirlərindən danışmıram. Hazırda bu, əks-təsir yarada bilər. Amma əgər 1 avqustadək razılaşma əldə olunmazsa, yeni vəziyyət yaranacaq və biz yeni siyasət hazırlamalı olacağıq," - deyə o əlavə edib.
Onun sözlərinə görə, Avropa Komissiyası danışıqlarda Avropa maraqlarının qorunması üçün daha israrlı və səmərəli fəaliyyət göstərməlidir: "İki həftəyə, əvvəlki doqquz ayda görülməyən işlər görülməlidir."
Xatırladaq ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, ABŞ-ni Aİ mallarına qarşı artırılmış idxal tarifləri tətbiq etməsi Avropa Komissiyasının səhv siyasətinin və onun rəhbəri Ursula fon der Leyenin səriştəsizliyinin nəticəsidir. O qeyd edib ki, Macarıstan hökuməti əvvəldən ABŞ-lə kompromisə nail olmaq üçün Aİ-nin amerikalı mallara tətbiq etdiyi tariflərin azaldılmasını təklif etmişdi. Lakin Brüssel bu addımı atmayıb və nəticədə Avropa yenidən zərərə uğrayıb.
ABŞ Prezidenti Donald Trampın qərarına əsasən, 1 avqustdan etibarən Avropadan idxal edilən məhsullara 30 faiz həcmində yeni gömrük tarifləri tətbiq olunacaq.