İran Avropa üçlüyünün sanksiyaların bərpası təşəbbüsünə cavab verəcək - ÖZƏL
12:42 Dünyaİran Avropa üçlüyünün - Böyük Britaniya, Fransa və Almaniyanın - BMT Təhlükəsizlik Şurasının İrana qarşı bütün sanksiyalarını bərpa etməyə yönəlmiş snapback mexanizmini işə salmaq təşəbbüsünə proporsional cavab verəcək. Olaylar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi 14 iyulda keçirdiyi həftəlik brifinqdə bildirib.
"Avropa ölkələri bu mexanizmdən daim öz maraqları naminə istifadə etməyə çalışırlar. Halbuki onlar BHFP - Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri kobud şəkildə pozublar və onları yerinə yetirə bilməyiblər. Buna görə də bu mexanizmin işə salınması üçün nə hüquqi, nə də etik əsasları yoxdur," - deyə Baqayi vurğulayıb.
Onun sözlərinə görə, əgər Avropa üçlüyü bu mexanizmi aktivləşdirərsə, İran buna mütənasib cavab verəcək.
Qeyd edək ki, snapback mexanizmi 2015-ci ildə imzalanmış BHFP çərçivəsində nəzərdə tutulub və İrana qarşı BMT Təhlükəsizlik Şurasının nüvə proqramı ilə əlaqədar ləğv edilmiş bütün sanksiyalarının bərpasını mümkün edir.