Avropa İttifaqı 18-ci sanksiyalar paketində razılığa gələ bilmir – ÖZƏL
14 İyul 2025 10:39 DünyaAvropa İttifaqı (Aİ) Rusiya əleyhinə hazırladığı 18-ci sanksiyalar paketində razılığa gələ bilmir. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır ki, bu razılaşmanı əngəlləyən əsas ölkə Malta olub.
Avropa Komissiyası may ayında bu paket çərçivəsində Rusiya neftinə tətbiq edilən qiymət tavanının 60 dollardan 45 dollara endiriləcəyini vəd etmişdi. Lakin Aİ-də keçirilən daimi nümayəndələr komitəsinin son toplantısında Malta təmsilçiləri bu təklifə qarşı çıxıb.
Məlumata görə, təklif olunan qiymət tavanı son üç ayın orta bazar qiymətindən 15% aşağı səviyyədə - yəni təxminən 47 dollar olaraq müəyyənləşdirilib. Bu qiymət altı aydan bir yenidən nəzərdən keçiriləcək.
Agentliklərin məlumatına əsasən, Slovakiya bu təklifi dəstəkləsə də, Aİ-dən gələcəkdə Rusiya qazı alışı ilə bağlı zəmanət tələb edir. Digər tərəfdən, Macarıstan da bu təklifə qarşı çıxır, Estoniya isə tavan qiymət daha da azaldılmasa, sanksiyalar paketini bloklayacağını bildirib.
ABŞ hələlik bu təklifi G7 çərçivəsində dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı rəsmi mövqe bildirməyib.