Almaniya Ukrayna üçün ABŞ-dən “Patriot” almağı planlaşdırır – ÖZƏL
14 İyul 2025 10:31 DünyaAlmaniyanın müdafiə naziri Boris Pistorius bazar ertəsi Vaşinqtonda ABŞ müdafiə naziri Pit Hegsetlə görüşəcək. Görüş zamanı Almaniyanın ABŞ-dən alacağı "Patriot" zenit-raket komplekslərinin Ukraynaya ötürülməsi məsələsi də müzakirə olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Pistorius iyun ayında təklif etmişdi ki, ABŞ Almaniyaya iki "Patriot" kompleksi satsın və Almaniya həmin sistemləri Ukraynaya versin. Onun sözlərinə görə, Almaniya artıq öz ehtiyatından "Patriot" verə bilməz, çünki sayları kifayət qədər deyil.
Müharibədən əvvəl Almaniyada 12 "Patriot" sistemi olub - 3-ü Ukraynaya, 2-si isə Polşaya göndərilib. Qalan 7-dən biri daim ya texniki xidmətdə olur, ya da hərbiçilərin təlimində istifadə edilir. Nazir bildirib: "Hazırda yalnız altı kompleksimiz var. Bu çox azdır və NATO öhdəliklərini nəzərə alaraq, daha çox verə bilmərik."
Financial Times həmçinin qeyd edir ki, Pistorius Almaniyanın "Taurus" raketlərini Ukraynaya verməyəcəyini bir daha təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə Avropanın ödənişi ilə Ukraynaya "Patriot" sistemləri göndərmək niyyətində olduğunu bildirib.