Rubio: “Tramp və Si Cinpinin görüşü yüksək ehtimalla baş tutacaq” – ÖZƏL

ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında sammitin keçirilmə ehtimalının yüksək olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində Çin Xarici İşlər naziri Vanq Yi ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

Rubio görüşü "çox konstruktiv və pozitiv" adlandıraraq bildirib ki, tərəflər arasında müəyyən fikir ayrılıqları olsa da, birgə işləmək üçün konkret istiqamətlər müəyyən edilib. Bu, Rubionun dövlət katibi təyin olunduqdan sonra Çin rəsmisi ilə ilk birbaşa görüşü olub.

O əlavə edib ki, Vaşinqtonun məqsədi ABŞ və Çin arasında strateji sabitliyi təmin etmək, əməkdaşlıq sahələrini müəyyənləşdirmək və daha effektiv dialoq qurmaqdır. Tramp və Si arasında görüş üçün güclü istək olduğunu vurğulayan Rubio, dəqiq tarix müəyyən edilməsə də, bu sammitin baş tutacağına inandığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31