Britaniya və Fransa miqrantların qarşılıqlı qaytarılması barədə razılığa gəlib – ÖZƏL

Böyük Britaniya və Fransa La-Manş boğazını kiçik qayıqlarla qanunsuz keçən miqrantların bir qisminin Fransaya qaytarılmasını nəzərdə tutan pilot razılaşma əldə edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Londonda keçirilən birgə mətbuat konfransında Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron məlumat veriblər.

Razılaşmaya əsasən, Britaniya qeyri-qanuni miqrantların bir hissəsini Fransaya geri göndərəcək, əvəzində isə Fransadan sığınacaq tələbi əsaslı sayılan eyni sayda şəxsi qəbul edəcək. "Birə-bir" prinsipi ilə həyata keçiriləcək bu planın yaxın həftələrdə işə düşəcəyi bildirilib. Starmer bunun təhlükəli miqrasiya cəhdlərinin qarşısını almaq üçün çəkindirici təsir göstərəcəyinə ümid etdiyini deyib.

Makron isə razılaşmanın əsas məqsədinin qeyri-qanuni miqrasiyanın qarşısını almaq olduğunu bildirib. Sammit çərçivəsində tərəflər həmçinin müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və Ukraynaya dəstək barədə də razılığa gəliblər. Ukraynadakı müharibə sonrası mümkün atəşkəsə nəzarət etmək üçün beynəlxalq missiyanın qərargahının Parisdə yerləşdirilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31