ABŞ və Çin xarici işlər nazirləri Kuala Lumpurda görüşəcək – ÖZƏL
11 İyul 2025 10:23 DünyaOlaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və Çin XİN rəhbəri Van İ iyulun 11-də Malayziyanın paytaxtı Kuala Lumpurda görüşəcəklər. Bu, iki ölkə diplomatları arasında ilk üzbəüz danışıqlar olacaq. Rubio Asiyaya ilk səfəri çərçivəsində ASEAN ölkələrinin XİN rəhbərlərinin görüşündə, eləcə də Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə iştirak edib.
Səfərin məqsədi ABŞ-nin diqqətini Yaxın Şərq və Avropadakı münaqişələrdən İndo-Sakit okean regionuna yönəltmək niyyətini nümayiş etdirməkdir. ABŞ, bölgədə Çinlə strateji rəqabətdə daha etibarlı tərəfdaş olduğunu göstərməyə çalışır.
Rubio ilə Van İ arasında keçiriləcək görüş ticarət gərginliyinin artdığı bir dövrə təsadüf edir. Çin ABŞ-ni tariflərin artırılması ilə bağlı xəbərdar edib və BRICS-i dəstəkləyən ölkələrə əlavə tariflərin tətbiqinə cavab verəcəyini bəyan edib. Rubio jurnalistlərə bildirib ki, o, görüş zamanı həmçinin Çin-Rusiya münasibətlərini və Ukrayna müharibəsində Pekinin mövqeyini də gündəmə gətirəcək.