Almaniya Kansleri: “Aİ ilə ABŞ arasında ticarət razılaşması bu ay əldə oluna bilər” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Kansleri Fridrix Mers Avropa İttifaqı ilə ABŞ arasında ticarət razılaşmasının artıq bu ayın sonuna qədər imzalanacağına əmindir. O bildirib ki, məqsəd - ABŞ və Aİ arasında qarşılıqlı ticarətin mümkün qədər az gömrük rüsumları ilə inkişafını təmin etməkdir. Bu məqsədlə Mers ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyası ilə danışıqlar apardığını qeyd edib.

Politico nəşrinin məlumatına görə, ABŞ Avropa İttifaqına bütün məhsullar üzrə 10% səviyyəsində baza rüsum dərəcəsini saxlayan, lakin aviasiya sənayesi və alkoqollu içkilər kimi bəzi sahələr üçün istisnalar nəzərdə tutan ticarət sxemi təklif edib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə daha əvvəl bəyan etmişdi ki, Aİ bu danışıqlarda "bütün mümkün ssenarilərə hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31