Almaniya: “Ukraynaya dəstəyi davam etdirəcəyik, Moskva bilməlidir ki, diplomatiya bitib” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Kansleri Fridrix Mers Ukraynaya dəstəyin davam etdiriləcəyini bəyan edib. O, Almaniya Bundestaqında çıxışı zamanı bildirib ki, bu dəstək "həm sol qüvvələrin, həm də Rusiyayönlü sağçıların təzyiqlərinə baxmayaraq" davam edəcək.

Moskvanı sərt şəkildə xəbərdar edən Mers deyib: "Diplomatiya vasitələrinin sərhədi çatıb. Əgər cinayətkar bir rejim digər ölkənin mövcudluq hüququnu açıq şəkildə sual altına alır, hərbi güclə Avropada azadlıq nizamını məhv etməyə çalışırsa, mənim rəhbərlik etdiyim federal hökumət buna mane olmaq üçün əlindən gələni edəcək".

Fridrix Mers həmçinin vurğulayıb ki, Almaniya ordusu - Bundesver - ölkəni müdafiə etmək üçün lazım olan hər şeyi tez bir zamanda əldə etməlidir. Bu məqsədlə qanunvericilik prosesləri və silah tədarüklərinin sürətləndiriləcəyini vəd edib.

O, Avropa İttifaqı və NATO sammitlərində iştirakı barədə hesabat verərək qeyd edib ki, "Almaniya yenidən dünyada diqqət çəkən və ciddiyə alınan bir ölkəyə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31