Aİ Ukraynaya 100 milyard avro yardım ayıracaq – ÖZƏL

Avropa Komissiyası (AK) 2028-2034-cü illəri əhatə edəcək növbəti yeddi illik büdcə layihəsinə Ukraynaya Rusiyayla münaqişə fonunda yardım göstərilməsi üçün ayrıca 100 milyard avro məbləğində vəsaitin ayrılmasını nəzərdə tutan maddə daxil edib. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa Komissiyası bu fondun yaradılmasını Ukraynaya davamlı maliyyə dəstəyi göstərmək zərurəti ilə əsaslandırır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlanmasından bu günə qədər Avropa İttifaqı və onun üzv dövlətləri Kiyevə 160 milyard avro dəyərində maliyyə, iqtisadi və hərbi yardım göstərib. Lakin bu yardımlar sistemli şəkildə deyil, müxtəlif proqramlar, kredit xətləri, milli və Avropa səviyyəsində verilən borclar şəklində təqdim olunub.
İndi isə Avropa Komissiyası Ukraynaya yardımı İttifaqın növbəti büdcə dövrünün xərclərinin məcburi hissəsinə çevirməyi, yəni strukturlaşdırılmış büdcə maddəsi halına salmağı təklif edir. Avropa İttifaqında büdcə planlaşdırılması yeddi illik dövrlər üzrə həyata keçirilir. Üzv ölkələr bu dövrü əhatə edən "gələcək yeddi illik büdcə"ni yekdilliklə qəbul edir və bu çərçivədə illik büdcələr təsdiqlənir.
Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edən büdcə layihəsini gələn həftə təqdim etməyi planlaşdırır. Bu plana dair Komissiya ilə Aİ ölkələri arasında danışıqların 2027-ci ilin sonuna qədər davam etməsi və nəticədə kompromis əldə olunması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31