Tramp HƏMAS-a müharibənin yenidən başlanmayacağına dair məktub göndərib- ÖZƏL
9 İyul 2025 10:26 DünyaSky News Arabia-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Fələstin HƏMAS hərəkatına Qəzza zolağında 60 günlük atəşkəs müddətindən sonra hərbi əməliyyatların yenidən başlamayacağı ilə bağlı zəmanət verib. Olaylar.az xəbər verir ki, bu barədə Tramp administrasiyası ilə HƏMAS rəhbərliyi arasında əsas vasitəçi olan, fələstinli əsilli amerikalı iş adamı Bişara Bəxbəh məlumat verib.
Bildirilir ki, Trampın bu zəmanətləri yazılı şəkildə HƏMAS-a təqdim olunub və bu mesaj Qəzzada sülh prosesinə dair ümidləri artırıb.
Qeyd edək ki, daha öncə yayılan məlumatlara əsasən, Dohada HƏMAS və İsrail arasında aparılan dolayı danışıqlarda tərəflər atəşkəs razılaşmasına yaxınlaşıblar. Hazırda yeganə həll olunmamış məsələ İsrail ordusunun Qəzzada mövcudluğu və statusu ilə bağlıdır. Sky News-un məlumatına görə, digər məsələlər - o cümlədən humanitar yardımın bölgəyə çatdırılması prosesi və HƏMAS-ın ABŞ-dən İsrailin atəşkəs bitdikdən sonra döyüşləri bərpa etməyəcəyinə dair təminat tələbi - üzrə ciddi irəliləyiş əldə olunub.
6 iyulda HƏMAS və İsrail, Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada danışıqları bərpa ediblər. Məqsəd Qəzzada atəşkəs razılaşmasına nail olmaq və orada saxlanılan israilli girovların azad edilməsidir. ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff isə Ağ Evdə keçirilən müşavirədə bildirib ki, Vaşinqton həftə sonuna qədər Qəzzada atəşkəslə bağlı razılaşmanın əldə olunacağına ümid edir.