The Guardian: ABŞ-nin Patriot raket ehtiyatları 75% azalıb- ÖZƏL
16:22 DünyaABŞ-nin "Patriot" zenit-raket kompleksləri üçün raket ehtiyatları tükənmək üzrədir. Olaylar.az xəbər verir ki, The Guardian qəzetinin yazdığına görə, hazırda bu ehtiyatlar Pentaqonun hərbi planlarını həyata keçirmək üçün tələb olunan səviyyənin cəmi 25 faizini təşkil edir. Nəşr bu məlumatı adının açıqlanmasını istəməyən mənbələrə istinadən yayımlayıb.
Qəzet qeyd edir ki, bu azalmanın əsas səbəbləri arasında Ukraynaya göndərilən hərbi yardım və İran-İsrail qarşıdurmasının artması zamanı ABŞ-nin İsrail ərazisinə və Qətərdə yerləşən hərbi bazasına qarşı həyata keçirilən hava hücumlarını dəf etmək üçün "Patriot" raketlərindən aktiv istifadə etməsi göstərilir.
Məqalədə vurğulanır ki, ABŞ prezidenti Donald Trampın yaxın zamanda Ukraynaya silah tədarükünü dayandırmaq barədə verdiyi qərar, Pentaqonun istifadə etdiyi və qlobal sursat səviyyəsini ölçən xüsusi indikatorun nəticələrinə əsaslanıb. Bildirilir ki, bu göstərici, 2022-ci ildən etibarən Ukraynaya böyük miqdarda silah göndərilməyə başlanandan bəri ilk dəfə minimum həddin altına düşüb.
Qəzetin mənbələri bildirirlər ki, Pentaqon ABŞ-nin bu ehtiyatları qısa müddətdə bərpa edə biləcəyinə şübhə ilə yanaşır.
8 iyul tarixində ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell TASS-a açıqlamasında administrasiyanın Ukraynaya əlavə "müdafiə xarakterli silahlar" göndərmək planlarını təsdiqləyib. O əlavə edib ki, Pentaqon qlobal silah tədarükü ilə bağlı analizlərini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, 7 iyulda Donald Tramp Ukraynaya "bir qədər əlavə silah" göndəriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu silahlar əsasən müdafiə məqsədli olacaq.