Trampın tarif qərarı qlobal qeyri-müəyyənliyi artırır – BMT rəsmisi – ÖZƏL
15:45 DünyaABŞ Prezidenti Donald Trampın 14 ölkəyə tarifləri artırmaqla bağlı xəbərdarlığı qlobal qeyri-müəyyənlik və iqtisadi sabitsizliyi daha da gücləndirib. Olaylar.az xəbər verir ki, BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamilton Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Tramp administrasiyasının danışıqlar müddətini uzatması biznes üçün uzunmüddətli planlamanı mümkünsüz edir.
Onun sözlərinə görə, müəssisələr xərclərin necə dəyişəcəyini bilmədikləri üçün investisiya qərarlarını təxirə salırlar. Məsələn, Lesotoda tekstil ixracatçıları tarif qərarını gözlədiyinə görə yatırımlarını dayandırıblar.
Kouk-Hamilton qeyd edib ki, tarif qeyri-müəyyənliyi və inkişaf yardımlarının kəskin azalması inkişaf edən ölkələr üçün "ikili şok" yaradıb. Trampın apreldə başlatdığı qlobal ticarət müharibəsi maliyyə bazarlarında gərginlik yaradıb və bir çox ölkələri iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər görməyə məcbur edib.