Avropa Parlamenti Bolqarıstanın Avrozonaya qoşulmasını təsdiqlədi – ÖZƏL
15:42 DünyaAvropa Parlamenti Bolqarıstanın 1 yanvar 2026-cı ildən Avrozonaya qoşulmasına razılıq verib. Olaylar.az xəbər verir ki, bu qərar Strasburqda keçirilən plenar iclas zamanı keçirilən səsvermə nəticəsində qəbul olunub. Səsvermənin canlı yayımları Avropa Parlamentinin rəsmi saytında təqdim olunub.
Səsvermə zamanı Sofiyanın Avrozonaya daxil olmaq üçün bütün tələbləri yerinə yetirdiyini təsdiqləyən məruzəyə 531 deputat dəstək verib, 69 nəfər əleyhinə çıxış edib, 79 deputat isə bitərəf qalıb.
Avropa Xalq Partiyasının (AXP) üzvü və Bolqarıstanın avroya keçidi ilə bağlı məruzəçi olan Avropa Parlamentinin deputatı Eva Maydel bildirib:
"Bolqarıstan Avrozonaya qoşulmağa hazırdır."
Lakin bəzi deputatlar səsvermənin təxirə salınmasını tələb ediblər. Onlar bu tələbi Eva Maydelin həm Bolqarıstan hökuməti, həm də AXP ilə eyni siyasi düşərgədən olması ilə əsaslandırıblar. Bu isə onların fikrincə, məruzənin qərəzsizliyini şübhə altına alır. "Parlament sənədləri müzakirəsiz qəbul etməməli, onları ciddi şəkildə yoxlamalıdır", - deyə "Suveren Millətlər Avropası" sağ koalisiyasının bolqar deputatı Rada Laykova bildirib. Lakin bu təşəbbüs Avropa Parlamenti tərəfindən rədd edilib.
Qeyd edək ki, Bolqarıstanda avroya keçid qərarı cəmiyyətdə narazılıqlara səbəb olub. İyunun 28-də keçirilən etiraz aksiyalarında nümayişçilər hökumətin istefasını tələb ediblər. Etirazçılar hesab edirlər ki, avronun levin yerini alması ölkə iqtisadiyyatına zərər verəcək və Bolqarıstanın suverenliyini məhdudlaşdıracaq.