Nüvə müzakirələri haqda ABŞ-nin mövqeyi İran tərəfinə çatdırılıb – Fidan

ABŞ-nin İranla nüvə müzakirələrinin yenidən başlanması ilə əlaqədar mövqeyi İran tərəfinin diqqətinə çatdırılıb.

Olaylar.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mediaya açıqlaamsında deyib.

Onun sözlərinə görə, tezliklə ABŞ və İran arasında problemə diplomatik həll yolunun tapılacağına ümid edilir.

Fidan qeyd edib ki, 3 gün öncə Azərbaycanın Xankəndi şəhərində İran və Türkiyə prezidentləri bir araya gələrək bir sıra məsələləri müzakirə edib. Xankəndidə Türkiyə və İran xarici işlər naziri arasında baş tutan görüşdə atəşkəs və bundan sonrakı prosesin hansı formatda davam etməsi haqda fikir mübadiləsi aparılıb. Həmçinin, 4 gün öncə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofla görüşdə də bu məsələ diqqət mərkəzində saxlanılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub. 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31