Çin hərbçiləri Almaniya təyyarəsinə lazer yönəltdi – Berlin Pekin səfirini XİN-ə çağırdı- ÖZƏL
8 İyul 2025 12:47 DünyaOlaylar.az xəbər verir ki, 8 iyul tarixində Çin ilə Almaniya arasında diplomatik gərginlik yaşanıb. Belə ki, Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi Aspides adlı hərbi-dəniz missiyası zamanı Çin hərbçiləri Almaniyaya məxsus hərbi təyyarəyə lazer şüası yönəldiblər.
Almaniya Xarici İşlər Nazirliyi bu insidenti qətiyyətlə pisləyərək bildirib ki, "Almaniya personalını təhlükəyə atmaq və Aİ missiyasına mane olmaq tamamilə yolverilməzdir". Hadisə ilə əlaqədar Çin səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, Qırmızı dənizdə gərginlik 2023-cü ilin noyabrından bəri artır. Həmin dövrdən etibarən Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) hərəkatı İsrailə qarşı çıxış edərək bu ölkə ilə əlaqəsi olan gəmilərin Babul-Məndəb boğazından keçməsinə imkan verməyəcəyini bildirib. Hücumlara cavab olaraq ABŞ dekabrda beynəlxalq koalisiyanın yaradıldığını və Qırmızı dənizdə "Firavanlığın mühafizəçisi" adlı əməliyyata başladığını elan edib. 2024-cü ilin 19 fevralında isə Avropa İttifaqı özünün Aspides adlı hərbi-dəniz missiyasına start verib.