Ukrayna XİN-də “dost olmayan ölkələr” idarəsi yaradılır- ÖZƏL

Ukrayna Xarici İşlər Nazirliyində (XİN) yeni struktur dəyişikliyi həyata keçirilir. Olaylar.az xəbər verir ki, nazirliyin rəhbəri Andrey Sibiga bildirib ki, 7 iyul tarixindən etibarən XİN-in strukturunda bir sıra yeni idarələr fəaliyyətə başlayacaq.
Əsas yeniliklərdən biri "Dost olmayan ölkələr" idarəsinin yaradılmasıdır. Sibiganın sözlərinə görə, bu idarəyə təkcə Rusiya deyil, onun müttəfiqləri - Şimali Koreya, Belarus və digər ölkələr də daxil olacaq. "Burada əsas məsələ ikitərəfli münasibətlər deyil, milli təhlükəsizliyə qarşı yönəlmiş təhdidlərə qarşı mübarizədir", - deyə o qeyd edib.
Yeni idarənin fəaliyyətinə birinci nazir müavini nəzarət edəcək.
Bununla yanaşı, Mərkəzi Asiya ölkələri ilə iş üzrə ayrıca idarə də təsis olunur. Eyni zamanda, sanksiya siyasətinə cavabdeh olan ayrıca struktur bölməsi yaradılır.
Yenilənmiş struktur çərçivəsində Ukrayna XİN-də Beynəlxalq Təhlükəsizlik və Müdafiə Departamenti, birinci və ikinci Avropa departamentləri, Latın Amerikası, Asiya-Sakit okean, Karib hövzəsi və Afrika regionları üzrə idarələr fəaliyyət göstərəcək. ABŞ və Kanada, eləcə də Yaxın Şərq və Şimali Afrika ilə iş ayrıca idarələr tərəfindən icra olunacaq.
Sibiga bildirib ki, NATO ilə bağlı ayrıca idarənin yaradılması Ukraynanın bu quruma üzvlüyə verdiyi əhəmiyyətin göstəricisidir. Əvvəllər Avropa İttifaqı və NATO üzrə inteqrasiya bir struktur daxilində birləşmişdi. İndi isə ayrıca Avropa İttifaqı Departamenti və NATO üzrə rəhbərlik formalaşdırılır. "Bu departament Ukraynanın Aİ-yə dərhal üzv olması istiqamətində fəaliyyət göstərəcək", - deyə XİN rəhbəri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31