İran: Minlərlə raket və PUA istənilən hücuma cavab verməyə hazırdır – ÖZƏL
11:46 DünyaOlaylar.az xəbər verir ki, İranın Ali Lideri Ayətullah Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim-Səfəvi bəyan edib ki, ölkə istənilən təcavüzə cavab verməyə tam hazırdır. Onun sözlərinə görə, İranda bir neçə min raket və pilotsuz uçuş aparatı istehsal edilib və onlar təhlükəsiz şəkildə yerləşdirilib.
Rəhim-Səfəvi bildirib ki, İranın nüvə və raket proqramları milli elmin və biliyin nəticəsidir və onları məhv etmək mümkün deyil. O qeyd edib ki, son İsrail hücumu zamanı İran ordusu və SEPAH-ın "Qüds" qüvvələri tam gücü ilə iştirak etməyib.
İsrailin məqsədinə çatmadığını deyən general vurğulayıb ki, İran ciddi itkilər versə də, düşmənə də ağır zərbələr endirib. O, İsrailin bu zərərləri mediada senzura ilə gizlətdiyini bildirib və əlavə edib ki, tarixdə ilk dəfə yüzlərlə raket eyni vaxtda işğal olunmuş ərazilərə atılıb.
Rəhim-Səfəvi həmçinin qeyd edib ki, Qəzzadakı 21 aylıq müharibəyə baxmayaraq, HƏMAS hərəkatı fəaliyyətini davam etdirir, İsrail ordusu isə tükənib.